İQTİSADİYYAT
Azərbaycanın iştirakı ilə “SME Development Forum 2021” keçiriləcək
Bakı, 12 fevral, AZƏRTAC
Martın 4-5-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”), “AHK Belarus”, Alman-Gürcüstan Biznes Assosiasiyası, “AHK Ukrayna” tərəfindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “SME Development Forum 2021” keçiriləcək.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir “Zoom” üzərindən onlayn formada keçiriləcək. Forumun məqsədi Almaniyadan və Şərq tərəfdaşlığı ölkələrindən olan Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın icraçı direktorları, yüksək səviyyəli iqtisadi və siyasi qurumların nümayəndələri daxil olmaqla iş adamlarını birləşdirən unikal bir platforma yaratmaqdır.
Forumda Azərbaycan, Belarus, Gürcüstan və Ukraynadakı son iqtisadi islahatlar, kiçik və orta biznesin inkişafına dair məsələlər müzakirə olunacaq, Almaniya və Avropa İttifaqına ixrac, Şərq tərəfdaşlığı ölkələrində kənd təsərrüfatı müəssisələrinin imkanları və çağırışları, Almaniyada və Şərq tərəfdaşlığı ölkələrində eko və aqro turizminin ən yaxşı təcrübələri, Almaniya və Şərq tərəfdaşlığı ölkələrində qadın liderlər arasında əlaqələrin yaradılması, həmçinin “qadın sahibkarlar üçün liderlik” mövzusunda panel iclaslar təşkil ediləcək.
Tədbirdə iştirak ödənişsizdir, lakin onlayn iştirak üçün yerlərin sayı məhduddur. İştirak etmək istəyənlərdən qeydiyyat formasını doldurmaq xahiş edilir. Qeydiyyat üçün son müraciət tarixi fevralın 25-dir.
Forum haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar.