MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialı Argentinada təbliğ olunur
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycanın Argentinadakı səfirliyi paytaxt Buenos-Ayresdə ölkəmizin turizm sektorunun təbliğinə həsr edilmiş tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turist operator şirkəti, aparıcı turizm assosiasiyalarının nümayəndələri və turizm sektorunun təbliği ilə məşğul olan KİV təmsilçiləri qatılmışlar.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə qədim tarixə, zəngin mədəni irsə və coğrafi müxtəlifliyə malik Azərbaycanın turizm potensialı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilmişdir.
Azərbaycanın müvafiq sahədə mövcud imkanlarının argentinalı turistlər üçün əsas turizm istiqamətlərindən biri olacağını əminliklə söyləyən səfir vurğulamışdır ki, hazırda bu sektorun inkişafı dövlətimizin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizin turizm imkanları, bu potensialın inkişaf etdirilməsi istiqamətində atılmış məqsədyönlü addımlar barədə məlumat vermişdir. Natiq ölkəmizin füsunkar gözəlliklərinin şahidi olmaq üçün argentinalı turistləri Azərbaycana dəvət etmiş və bu işdə turizm operatorlarının rolunun əhəmiyyətli olduğunu vurğulamışdır.
“Azərbaycan unudulmaz ölkə” filminin nümayiş olunduğu tədbirdə iştirakçılara ölkəmizin turizm imkanlarının təşviqini əks etdirən kitab və materiallar paylanılmışdır.
Tədbir çərçivəsində ölkəmizin müxtəlif mənzərələrini və mədəni-tarixi abidələrini əks etdirən fotosərgi açılmış, milli xalçalarımız nümayiş etdirilmişdir.
Mərasim Azərbaycan mətbəxinin təqdimatından ibarət ziyafət və milli musiqiçilərimizin konsert proqramı ilə davam etdirilmişdir.
######