ELM VƏ TƏHSİL
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa İttifaqı proqramları çərçivəsində müvafiq sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi və birgə layihələrin həyata keçirilməsi, həmçinin neft və qaz yataqlarının kəşfiyyatı, geologiya, seysmologiya, arxeologiya, ekologiya və digər prioritet sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara rəhbərlik etdiyi qurumun yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə burada aparılan tədqiqatlar barədə məlumat verib. Bildirilib ki, 70 ildən çox yaşı olan AMEA uzun illər ölkə elminin inkişafına mühüm töhfələr verib, çoxsaylı alim və mütəxəssislər yetişdirib. Bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əlaqələr qurulur.
Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərini xatırladan A.Əlizadə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyi barədə məlumatlı olduğunu deyib. Diqqətə çatdırılıb ki, bu muzeylə AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki Təbiət Tarixi Muzeyi arasında təcrübə mübadiləsinin aparılması məqsədəuyğundur.
AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri barədə məlumat verən A.Əlizadə bildirib ki, bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edir.
Akademiyanın prezidenti ölkəmizdə uzun illər vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən bu istiqamətdə mühüm tədqiqatların həyata keçirildiyini qeyd edib. Alim sentyabrın 23-də Bakı şəhəri Qaradağ rayonu ərazisindəki Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verdiyini də diqqətə çatdırıb.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışan A.Əlizadə bildirib ki, bu il Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gəlib. AMEA-nın prezidenti bu konvensiyanın Xəzər dənizi üzrə tədqiqat aparan alimlər üçün də böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, həmçinin sənədin multidissiplinar araşdırmaların aparılmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda ilk dəfə səfərdə olduğunu bildirən Yulian Revalski rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, BEA-da fəaliyyət göstərən 42 müəssisə tərəfindən elmin müxtəlif sahələri üzrə araşdırmalar aparılaraq mühüm nəticələr əldə olunur, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlıqlar qurulur. O, AMEA ilə riyaziyyat, arxeologiya, astrofizika, ekologiya, informasiya texnologiyaları və s. sahələr üzrə birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu deyib.
Son zamanlar iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdıran BEA-nın sədri bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.