MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda geniş konsert proqramı ilə çıxış edəcək VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində geniş konsert proqramı ilə çıxış edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşacaq konsert proqramı martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutacaq. 1300 tamaşaçı tutumu olan bu kompleksində dünyanın bir çox tanınmış musiqiçiləri konsert verib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Xoş gördük əzizlərim” adlı konsert proqramında xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları ifa edəcək.
ABŞ-ın bir sıra şəhərlərində yaşayan azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələrinin konsertdə iştirakı gözlənilir.
Artıq bir həftədir Nyu-Yorkda olan Zeynəb Xanlarova Azərbaycan diaspor təşkilatlarının və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.
Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.