SİYASƏT


Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Oklahoma qubernatorunu səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edib. ABŞ-ın bu günədək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu önəmli layihələri, o cümlədən enerji layihələrini dəstəklədiyini qeyd edən nazir ölkəmizin sülhməramlı əməliyyatlarda iştirakı, tərəflər arasında sərhəd təhlükəsizliyi, humanitar və digər sahələrdə əməkdaşlıq barədə məmnunluqla danışıb.

Oklahoma qubernatoru Kevin Stitt Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycan Respublikasının Prezidenti ilə görüşünün çox yaxşı keçirdiyini qeyd edib. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, bölgələrə getmək fürsətinin də olacağını bildirən qubernator, habelə konkret sahələrdə əməkdaşlıq, investisiya perspektivlərini də nəzərdən keçirmək imkanını qeyd edib.

Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədəki mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Qarşı tərəfə, həmçinin bölgədə mövcud olan yeni reallıqlar şəraitində Azərbaycan və ABŞ arasında, o cümlədən kənd təsərrüfatı, mədən sənayesi, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.