ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konqresdə çıxış edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov Odessada “Orqanizmlərin eksperimental təkamülünün amilləri” mövzusunda beynəlxalq konqresdə iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimin “Natrium xloridin bərk və yumşaq buğda genotiplərinin morfofizioloji proseslərinə və məhsuldarlığına təsiri” mövzusunda məruzəsi dinlənilib. Eyni zamanda, İ.Əzizov Ukrayna Aqrar Elmləri Akademiyasının Odessadakı Seleksiya və Genetika İnstitutunun seminarında çıxış edib, Azərbaycanda bu sahədə akademik Cəlal Əliyevin rəhbərliyi altında görülən işlər barədə məlumat verib. Həmçinin institutun alimləri ilə gələcək elmi əməkdaşlığa dair müzakirələr aparılıb.