Azərbaycanlı deputat: Laçın dəhlizi ilə bağlı məsələlər süni formada şişirdilir
AzerTAg.az
Strasburq, 27 yanvar, AZƏRTAC
Əgər hər hansı bir blokada varsa, bu, şübhəsiz ki, diqqəti Ukraynadakı müharibədən yayındırmaq istəyən güclərin yaratdığı süni informasiya blokadasıdır. Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Moldova ictimai televiziyasına açıq müsahibə verib. O, müsahibəsində bildirib ki, Laçın dəhlizi ilə bağlı məsələlər süni formada şişirdilir, Xankəndidə yaşayan ermənilərin sayı ilə bağlı yalan məlumatlar verilir, bütün bunların konkret məqsədi isə diqqəti Ukraynadakı müharibədən yayındırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyası çərçivəsində keçirilmiş “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” adlı debatlar zamanı çıxışında erməni, eləcə də avropalı ermənipərəst deputatların cavabını verərkən söyləyib, onları faktlarla susdurub.
Kamal Cəfərov qeyd edib ki, əgər hər hansı bir böhran varsa, bu, şübhəsiz, “Ruben Vardanyan planı” ilə başladılan siyasi böhrandır. Ruben Vardanyan rusiyalı kriminal oliqarxdır. 2019-cu ildə Avropa Parlamenti Ruben Vardanyanın “Troyka Dialoq” investisiya bankının rəhbəri olarkən fəaliyyətinin araşdırılmasını tələb edib. Daha sonra həmin bank Rusiya Federasiyasının “Sberbank”ı tərəfindən alınıb.
Ruben Vardanyan Moskvadan çox açıq planla göndərilib. Onun birinci missiyası sülh prosesinə xələl gətirmək, yerli ermənilərlə qurulan əlaqələri pozmaqdır. İkinci missiyası isə Paşinyanı hakimiyyətdən devirərək Ermənistanın növbəti baş naziri olmaqdır. Əslində, hazırda gedən informasiya manipulyasiyasının digər səbəbi də Paşinyanla Vardanyan arasındakı rəqabətlə bağlıdır.
Qeyd edilib ki, əgər hər hansı bir humanitar narahatlıq varsa, bu, heç şübhəsiz, Ermənistanın yerləşdirdiyi minaların 282 qurbanı ilə bağlıdır. Ermənilər 2021-ci ildə istehsal etdiyi minaları Laçın dəhlizindən sui-istifadə edərək Laçın şəhərində basdırıblar.
“Laçın dəhlizinin funksionallığı ilə bağlı onu da qeyd etmək istəyirəm ki, son iki ayda Laçın dəhlizindən keçən avtomobillərin sayı bu Parlament Assambleyasının üzvlərin sayında 3 dəfə çoxdur”, - deyən deputat əlavə edib ki, sülhməramlıların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, hətta mülki erməni avtomobilləri də daxil olmaqla 1000-dən çox avtomobil Laçın dəhlizindən maneəsiz keçib. Ancaq Zəngəzur dəhlizindən keçən nəqliyyat vasitələrin sayı isə sıfırdır. Halbuki, Ermənistan üçtərəfli Bəyanatda Zəngəzur dəhlizin açmağa söz vermişdi.
Yekunda mesajım Xankəndidə yaşayan ermənilərədir: Ruben Vardanyanı gələcək rifahınız üçün özünüz oradan qovun!
Paşinyana mesajımız ondan ibarətdir ki, Fransanın yalan vədlərinə inanmasın. Fransanın ukraynalılara verdiyi vədi necə tutduğunu artıq bütün dünya görüb”,-deyə K. Cəfərov vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Xəbərin mətnində orfoqrafik səhv var