MƏDƏNİYYƏT
Azərbaycanlı ifaçı beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
Bakı, 7 oktyabr, AZƏRTAC
ISESCO, Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “İslam dünyası” gənc klassik musiqi ifaçılarının XI müsabiqəsində məktəb-studiyanın fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Quliyev fortepiano nominasiyası üzrə birinci yerə layiq görülüb.
BMA-dan AZƏRTAC-a bildirilib ki, 20 yaşadək gənc klassik musiqi ifaçılarının qatıldığı beynəlxalq müsabiqədə 10-a yaxın ölkədən 2 yaş qrupu (böyük və kiçik) olmaqla, 2 nominasiya uğrunda mübarizə aparılıb. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş müsabiqə böyük maraqla qarşılanıb.
Müsabiqənin beynəlmiləl tərkibli münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova balaca Hüseynin ifasından danışarkən deyib: “Hər il keçirilən bu müsabiqə yeni gənc adlar kəşf edir. Bu dəfə BMA-nın məktəb-studiyasının yetirməsi Hüseyn Quliyev, gənc yaşına baxmayaraq, daxili xarizması, parlaq artistizmi, özünəməxsus ifası və əsərlərin dramaturgiyasına dərindən nüfuz etməsi ilə dinləyiciləri valeh etmişdir. Beynəlxalq münsiflərin bütün üzvləri yekdilliklə gənc istedadın yaşına uyğun olmayan virtuoz imkanlarını vurğulayaraq, onun musiqi-ifaçılıq sənətində parlaq gələcəyini proqnozlaşdırmışdılar”.
Şagirdi Hüseyn Quliyevin müsabiqəyə qatılmaq və özünü sınamaq təklifi Fəqan Həsənliyə müəllimi professor T.Seyidovdan gəlir. Qısa zaman kəsiyində, təxminən müsabiqədən bir ay öncə yarışma üçün ciddi hazırlıqlara başlayan Hüseynin proqramına İohann Sebastyan Bach`ın prelüdiya və fuqası, Fikrət Əmirovun variasiayaları və Carl Czerny`nin əsərləri daxil idi.