ELM VƏ TƏHSİL
Azərbaycanlı rəssam “Mogilyov qonaqların gözü ilə” beynəlxalq simpoziumunda
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rəssamlıq fakültəsinin dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Belarusun Mogilyov şəhərində “Mogilyov qonaqların gözü ilə” beynəlxalq simpoziumunda iştirak edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, Mogilyov şəhərinin 750 illiyinə həsr olunan simpoziumda Azərbaycan, Belarus, Rusiya, Çin, Hindistan, Litva, Makedoniya, Ukrayna və Özbəkistandan rəssamlar iştirak ediblər.
Simpoziumun təşkilatçısı mogilyovlu rəssam Oksana Evdokimenko müxtəlif ölkələrdən dəvət olunan rəssamlara uğurlar arzulayıb, bu yaradıcı simpoziumun gələcəkdə ənənəyə çevriləcəyinə əminliyini bildirib.
Simpozium çərçivəsində rəssamlar Mogilyov şəhəri ilə tanış olub, xalqların birliyinin rəmzi olan heykəli birlikdə rəngləyiblər.
Sonda rəssamlar diplom ilə təltif edilib. Onların əsərləri Mogilyov Tarix Muzeyində açılan “Mogilyov qonaqların gözü ilə” sərgisində nümayiş olunub.