İQTİSADİYYAT
“Azərenerji” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 16 mart, AZƏRTAC
“Azərenerji” ASC-də Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülüb və müvafiq qrafik rejimi tətbiq olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səhmdar Cəmiyyətin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sisteminin etibarlılığı diqqət mərkəzində saxlanılır. Digər günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir. Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidən qurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sisteminin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur. Bunun bariz nəticəsidir ki, “Azərenerji” ASC respublikamızın enerji təhlükəsizliyi, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi sahəsində öz funksiyalarını inamla və uğurla icra edir.