REGİONLAR
“Azərişıq” ASC Yevlax Elektrik Şəbəkəsində yenidənqurma işlərini sürətləndirib
Bakı, 7 iyul, AZƏRTAC
“Azərişıq” ASC Yevlax Elektrik Şəbəkəsində (EŞ) yenidənqurma işlərini sürətləndirib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon mərkəzi, 2 qəsəbə, 49 kəndi özündə birləşdirən, 27 min abonenti olmaqla, 128 min nəfər əhaliyə xidmət edən Yevlax Elektrik Şəbəkəsində son iki ildə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Dövlət başçısının istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində qarşıya qoyduğu məqsədə uyğun olaraq, “Azərişıq” ASC tərəfindən 1 ədəd 35/10 kilovoltluq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Həmçinin Yevlax EŞ-in yeni inzibati binası tikilərək istifadəyə verilib.
Şəbəkənin xidməti ərazisində 1767 ədəd dayaq, 44 min metr kabel, 25 min 200 metr uzunluğunda yeni naqil çəkilib. Bu işlər rayonun Xaldan, Aşağı Qarxun, Duzdağ, Qaroğlan, Aşağı Bucaq kəndlərində həyata keçirilib.
Hazırda rayonun Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Əcəmi, Gülövşə, Bəydilli, Hacıselli, Havarlı, Marzıllı və Əkşəm kəndlərində 0.4 kilovoltluq naqillərin özünüdaşıyan izolyasiyalı kabellərlə əvəz olunması və 10-6 kilovoltluq dayaqların və naqillərin dəyişdirilməsi istiqamətində işlər sürətlə həyata keçirilir.