İQTİSADİYYAT


Yeni istifadəyə verilən elektron su portalı vasitəsilə “Azərsu”ya müraciət etmək asanlaşıb YENİLƏNİB

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən elektron su portalı (http://e-su.az) istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bu sistemin kommunal sektorda ilk dəfə tətbiq olunduğunu bildirib. Deyib ki, portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, elektron su portalına giriş “Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonentin kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elektron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür. Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda, abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğacların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydə alınması xidmətlərindən də yararlana biləcəklər.

Məlumat verilib ki, bu sistem “Azərsu” ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət etdiyi gündən müraciətin icra vəziyyətini canlı olaraq izləyə bilir. Müraciətin hazırkı icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə edə bilərlər. Müraciətlərin araşdırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir. Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilərlər. Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.