ELM VƏ TƏHSİL


Azıxantropun aşkarlanmasının 50 illiyinə həsr olunan beynəlxalq konfrans işini yekunlaşdırıb

Bakı, 5 oktyabr, AZƏRTAC

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsində olublar.

Abidəni ilk dəfə aşkar etmiş və orada tədqiqatlar aparmış Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Azad Zeynalov, Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Elmi Mərkəzinin baş elmi işçisi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisov, REA-nın Maddi Mədəniyyət Tarixi İnstitutunun (REA MMTİ) paleolit şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Sergey Kulakov əldə edilmiş nəticələr haqqında iştirakçılara məlumat veriblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxlu sayda daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər. Sonra REA MMTİ-nin eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.

Sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxunub. Yekdilliklə qəbul olunmuş qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini bildirib, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər. Həmçinin qətnamədə 2022-ci ildə Azərbaycanda paleolitşünaslığın banisi, professor Məmmədəli Hüseynovun 100 illiyinə həsr olunan beynəlxalq konfransın keçirilməsi təklifi də yer alıb.

Daha sonra Qəbələ Arxeoloji Mərkəzində konfrans iştirakçılarına Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sertifikatlar təqdim olunub. Həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən konfrans iştirakçılarına Qəbələdə aparılmış arxeoloji tədqiqatları əks etdirən nəşrlər və videomateriallar hədiyyə olunub.

Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdıran konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.