MƏDƏNİYYƏT
BAKIDA İRAN FİLMLƏRİ FESTİVALININ AÇILIŞI OLMUŞDUR
Festivalın İran İslam Respublikası tərəfindən əlaqələndiricisi Əyyub Danişvər öz ölkəsinin kinematoqraflarını tamaşaçılara təqdim etdikdən sonra Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxış etdi. O, nümayəndə heyətini salamlayaraq İran kinosunun son illərdəki uğurlarından, müxtəlif festivallarda diplom və mükafatlara layiq görülməsindən danışdı. Nazir ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğuladı.
İranın ölkəmizdəki səfiri Əfşar Süleymani təkcə kinematoqrafiya sahəsində deyil, mədəniyyətin bütün istiqamətlərində bu cür ardıcıl tədbirlərin keçirilməsinin vacibliyini bildirdi.
Festivalda Azərbaycan tamaşaçılarına təqdim ediləcək filmlər arasında beynəlxalq miqyasda mükafatlara layiq görülmüş kinolentlər də vardır.
Festivalın ilk günündə tamaşaçılara Babək Şirinsifətin çəkdiyi “Sıfır saatının qatarı” sənədli və Rəhbər Qənbərinin quruluşunda “O” bədii filmləri nümayiş etdirildi.