REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 21 ton məhsul, o cümlədən 4 ton ət, 1 ton ağartı, 8 ton tərəvəz, 2 ton kartof, 1 ton bostan bitkisi, 6 ton meyvə, 2 min ədəd yumurta təklif olunur.
Yarmarkada qiymətlər bazardakından 15-25 faiz aşağı idi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 12 tona yaxın məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Alıcılar meyvə tərəvəz, bitkiçilik məhsulları və ət-süd məmulatlarının qiymətindən, keyfiyyətindən razılıq edirlər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə alıcılara 3 tondan çox məhsul təklif olunurdu.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında təşkil olunmuş yarmarkada satışa 11 ton tərəvəz, 1,5 ton bostan bitkisi, 15 ton meyvə, 2,5 ton ət, 2000 ədəd yumurta və ümumilikdə 38 tondan çox məhsul çıxarılmışdı.
Əraziyə nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirdilər ki, 20 Yanvar ümumxalq hüzn günü olduğundan yarmarka bir gün davam edəcəkdir. Bu səbəbdən də gətirilmiş məhsulların az olması başa düşüləndir.
Yarmarkaya gələn hər bir alıcı burada istədiyi məhsulu ucuz və sərfəli qiymətə əldə edə bilirdi.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Saatlı, Salyan, Masallı və digər rayonlardan 3,6 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdi.
Gədəbəyli Fazil Ağayev söylədi ki, həyətyanı sahəsində yetişdirdiyi məhsulun 40 faizini burada satmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Ağcabədi, Qax, Biləsuvar, Şəki və Qəbələ rayonlarından gətirilən məhsulların çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, satışa 99, 1 ton məhsul, o cümlədən 10, 2 ton ət, 42,2 ton meyvə, 28 ton tərəvəz, 1 ton ağartı və digər məhsullar çıxarılmışdır.
Yarmarkada alma, kartof, soğan, ət, konserv, bal və s. üstünlük təşkil edirdi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Qazax və Ağsu rayonlarından kartof, soğan, kələm, kök, çuğundur, alma və digər məhsullar gətirilmişdi. Şəhər sakinləri qiymətləri bazardakından 20-30 faiz ucuz olan həmin məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, bu gün yarmarkaya 26 tondan artıq meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdır.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri əhaliyə 23 tondan çox kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Nərimanov rayonu Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada alıcılara Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 92,4 ton meyvə-tərəvəz, ət-süd məhsulları Buzovna, Mərdəkan, Giləzi, Goradil broyler fabriklərindən 1,2 tondan çox toyuq əti, 4 min ədəd yumurta təklif edirdilər. Burada mal ətinin kiloqramı 3 man 60 qəpiyə, qoyun əti 4 manata, quş əti 2 man 60 qəpiyə, soğan 20, kök 50, çuğundur, alma 40, kartof 40-50, armud, mandarin 60, yumurtanın bir ədədi 8-10 qəpiyə satılırdı.