SİYASƏT
BMT-nin Dövlət Xidmətləri Forumu ilin ən mühüm hadisələrindəndir
Bakı, 24 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumu bizim üçün ilin ən mühüm hadisələrindəndir. Bu gün BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Azərbaycanda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi. Bu, Azərbaycanın rəqəmsallaşdırma sahəsində qazandığı uğurların bəhrəsidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin rəqəmsal idarəetmə şöbəsinin əməkdaşı Elida Reci deyib. O bildirib ki, builki Forumda müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin iştirakı Azərbaycanın nüfuzunun göstəricisidir.
“Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunub. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qalibləri təltif olunub, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Bütün bunlar Forumun əhəmiyyətini və mötəbərliyini nümayiş etdirir”, - deyə Elida Reci qeyd edib.