İDMAN
“Bakı-2015” Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi bu yayın ən mötəbər tədbirini işıqlandırmağa maraq göstərən yerli və xarici mediadan müsbət rəylər daxil olub.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, cari ayın əvvəlində akkreditasiya prosesi başa çatıb və 1300-dən çox mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət ediblər. Bu müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq bir tədbir üçün bu qədər çox sayda müraciət daxil olub.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı açıqlamasında bildirib: “Rəylər olduqca sevindiricidir. Bu, birinci Avropa Oyunlarının dünya idmanının son 50 illik tarixinə düşən ən maraqlı və ən vacib tədbirlərdən biri olacağını sübut edir. Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalarına əsasən, Olimpiya xartiyasına uyğun olaraq Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq. Eyni zamanda, bütün akkreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq bağlanış mərasimindən 60 gün sonrayadək qüvvədə olacağını təsdiq edirəm. Bu gənc və dinamik ölkəni nümayiş etdirəcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri Avropa Oyunları ailəsi və oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaq”.