İQTİSADİYYAT
Bakı Limanı ilə Rumıniyanın Konstantsa limanı əməkdaşlıq edəcək
Konstantsa, 5 oktyabr, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Rumıniyanın Dəniz Limanları Milli Administrasiyası arasında anlaşma memorandumu imzalanıb.
Rumıniyanın Konstantsa şəhərində 12 ölkədən 200-ə qədər nümayəndənin iştirakı ilə keçirilən “İpək yolu” sammiti çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Rumıniyanın Dəniz Limanları Milli Administrasiyası arasında anlaşma memorandumu imzalanıb. Azərbaycan tərəfindən sənədi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Rumıniya tərəfindən isə Konstantsa limanının baş direktoru Dan Nikolae Tivililchi imzalayıblar.
Memoranduma əsasən, tərəflər hər iki limanın imkanlarından istifadə etməklə bütün növ yüklərin nəqliyyatının kəmiyyət və keyfiyyətinin artırılmasını təmin və təşviq etmək niyyətindədirlər. Çindən gələn yüklərin Konstantsa limanı ilə dəmir yolu vasitəsilə Mərkəzi və Qərbi Avropaya, eləcə də Dunay çayı ilə Şərqi Avropa və Baltik ölkələrinə daşınması mümkün hesab olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Konstantsa