MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib
Bakı, 13 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BMA-nın rektoru, Xalq artisti professor Fərhad Bədəlbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin mükəmməl dövlət quruculuğu və dövlətçiliyimizin inkişafındakı tarixi xidmətlərindən danışıb.
Bildirib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli və müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşayıb, özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Vətənini düşünüb, onun inkişafı üçün əzmlə çalışıb və üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərib. Bu gün minnətdarlıq hissi ilə qeyd etmək olar ki, müstəqil Azərbaycanın mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü Heydər Əliyev siyasətinin bəhrəsidir və biz hamımız bunun üçün dahi şəxsiyyətə borcluyuq.
BMA-nın professoru Tərlan Quliyev və kafedra müdiri, Xalq artisti, professor Xuraman Qasımova çıxış edərək ulu öndər Heydər Əliyevin praqmatik liderlik keyfiyyətlərindən, Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işlərdən danışıblar.
Tədbir konsert proqramı ilə davam edib.