ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin nəzdindəki Məktəb-Lisey Kompleksində “Açıq qapılar günü” keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində (MLK) yeni təlim texnologiyalarının və yanaşmaların, eləcə də fənn kurikulumların tətbiqi vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə “Açıq qapılar günü” keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində təşkil olunan açıq dərs və təqdimatlarda universitetin müəllimləri, valideynlər, təcrübəçi tələbələr iştirak ediblər. Kompleksdə müxtəlif fənlər - Azərbaycan dili, tarix, coğrafiya, rus dili, ingilis dili, biologiya, riyaziyyat üzrə və ibtidai siniflərdə 15 dərs dinlənilib.
Sonda dərs təqdimatlarının hər birinin geniş müzakirəsi təşkil olunub, fikir mübadiləsi aparılıb. Qonaqlar, eyni zamanda, Novruz bayramı münasibətilə düzənlənmiş şagirdlərin əl işləri sərgisi ilə tanış olublar.