İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu İpək yolunun inkişafında mühüm rol oynayır
Tbilisi, 22 oktyabr, Ruslan Manafov, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu İpək yolunun inkişafında mühüm rol oynayır.
AZƏRTAC-ın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bu fikri Gürcüstan hökuməti, İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Tbilisidə keçirilən İpək Yolu Forumu (Silk Road Forum 2019) çərçivəsində təşkil olunmuş “Yüksək səviyyəli dialoq” adlı plenar sessiyadakı çıxışında Özbəkistan Baş Nazirinin müavini Elyer Qəniyev səsləndirib.
E.Qəniyevin sözlərinə görə, Özbəkistan regionun bütün ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlıdır. O deyib: “Hazırda regionun bütün ölkələri – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Türkiyə istər Şərq, istərsə də Qərb marşrutu ilə yüklərin daşınması üçün yaxşı şərait yaradıblar. Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Azərbaycanda Ələt, Gürcüstanda Poti və Anaklia, Qazaxıstanda Aktau, Türkmənistanda Türkmənbaşı dəniz limanları və nəqliyyat infrastrukturu üzrə digər layihələr bu regionda yeni imkanlar yaradıb və bu böyük potensialdan istifadə etmək lazımdır”.
Qeyd edək ki, Forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər təmsil edirlər.
Forumun ilk günündə ayrıca bölmə iclaslarında ticarət, süni intellekt, nəqliyyat və energetika məsələləri ilə bağlı müzakirələr aparılacaq. Tədbirin ikinci günü isə özəl sektora və Gürcüstanın sərmayə imkanlarına həsr olunacaq.
Bundan başqa, forum çərçivəsində aktual məsələlər üzrə müxtəlif paralel tədbirlər də keçiriləcək .