ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasında xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli islahatlar aparılıb
Bakı, 15 sentyabr, P.İmanova, AZƏRTAC
Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BXA-nın rektoru, professor Timuçin Əfəndiyev bu il akademiyaya qəbul olunan, tələbə və magistr adını qazanan gəncləri təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, 2016-2017-ci tədris ili BXA-nın tarixində əlamətdar ildir. Çünki bu il dövlətimizin dəstəyi ilə burada yeni ixtisaslar və magistratura pilləsi açılıb, əsaslı və xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək struktur islahatları aparılıb. Bu il akademiyanın bakalavriat səviyyəsinə 53, magistratura səviyyəsinə 12 nəfər qəbul olunub. Həmçinin ilk dəfə BXA-da elmi tədqiqat jurnalı buraxılıb.
T.Əfəndiyev akademiyada görülən işlərdən danışıb, tədris planının qabaqcıl dünya ölkələrinin təcrübələrindən faydalanmaqla hazırlandığını diqqətə çatdırıb.
Rektor xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi, islahatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi barədə danışıb, akademiyanın maddi-texniki bazasının gücləndirildiyini, burada quruculuq işlərinin aparıldığını söyləyib və bu istiqamətdə tədbirlərin davamlı olacağına əminliyini bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, BXA-nın yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Nazir burada beynəlxalq təcrübələrin mənimsənilməsi və xoreoqrafiya sənətinin inkişafı üçün zəruri addımların atıldığını vurğulayıb. Bildirilib ki, zəngin ənənələrə malik olan təhsil ocağının məzunları hər zaman Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər.
Sonda Ə.Qarayev tələbə adını qazanmış gənclərə uğurlar arzulayıb, onlara tələbə bileti və müvəffəqiyyət kitabçalarını təqdim edib.