İQTİSADİYYAT
Bakıda Beynəlxalq Hədiyyələr və Promo Məhsulları, Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” sərgiləri keçirilir YENİLƏNİB
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Bakıda ilk dəfə olaraq “Caspian Event Organisers” şirkətinin və onun tərəfdaşı ITECA Caspian şirkətinin Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları, eləcə də I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” sərgilərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-dən 22-dək keçiriləcək sərgidə dünyanın 9 ölkəsindən 26 şirkət iştirak edir.
Sərginin açılış mərasimində çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgidə Azərbaycan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edir. İştirakçılar tərəfindən skanerlər, “Flexi Capture” proqram təminatı, informasiya texnologiyaları, ofis avadanlıqları, nəşriyyat-poliqrafiya xidmətləri, istənilən növ avadanlıq və
ləvazimatlar (rəqəmsal çap, tekstil materiallar üzərində çap, genişformatlı çap, “3D” formatlı çap və sair), tekstil avadanlıqları, suvenirlər, “POS” və reklam materialları, eləcə də təşviqat məhsulları, peşəkar çap avadanlıqları (ofset, rəqəmsal, çapa qədər, çapdan sonrakı işləmə üçün avadanlıqlar və sair), istehlak malları və bir sıra digər materiallar təqdim olunur.
“AdPrint” sərgisində iştirak edən yerli şirkətlər isə Türkiyə, Almaniya, İtaliya və Çinin məşhur brendlərini təqdim edirlər.
Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək. Bundan əlavə, sərgidə eksponentlər və potensial sifarişçilər arasında heç bir vasitəçi olmadan işgüzar danışıqlar aparmaq və sıx əlaqələr qurmaq üçün “BSB” formatlı görüşlər təşkil ediləcək.
B.Hidayətzadə vurğulayıb ki, ümumilikdə, sərgi son təmayülləri araşdırmaq, eləcə də bu unikal sahədə əldə olunan bütün nailiyyətlər barədə məlumat toplamaq üçün imkan yaradır. “AdPrint” sərgisi reklam və çap məhsulları üzrə ən son texnologiyaların istehsal və satışı ilə məşğul olan, ən orijinal ideyaları təklif edən reklam şirkətlərinin məhsul və xidmətlərini təqdim etmək üçün ideal platformadır.
Qeyd olunub ki, sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstəklənir.