İQTİSADİYYAT


Bakıda “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” açılıb

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Bakı Expo Mərkəzində “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” (AfuExpo) açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin rəsmi açılış mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) prezidenti Yavuz Keleş və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova iştirak ediblər.

ATİB-in İdarə Heyətinin sədri C.Yanqın türk iş adamlarının Azərbaycanda fəaliyyət göstərməkdə hər zaman maraqlı olduqlarını deyib, bu sərginin də iki ölkənin sahibkarları arasında əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: “Biz iş adamı olaraq qardaş ölkəni – Azərbaycanı seçdik. İşimizdən, bizə göstərilən qayğıdan məmnunuq. Bu gün “AfuExpo” sərgisinin açılışını edirik. Sərginin təşkilatçılarının, iştirakçı şirkətlərinin Azərbaycana gəlmələrindən, buraxa xidmət göstərmələrindən məmnun olacaqlarına əminəm. Sərginin işinə uğurlar arzulayıram”.

ASK-ın baş katibi N.Məmmədova Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ilbəil artdığını, qardaş ölkənin iş adamlarının ölkəmizin iqtisadi inkişafına layiqli töhfələr verdiyini bildirib. N.Məmmədova qeyd edib ki, Azərbaycan güllər-çiçəklər diyarıdır. Şəhərsalmada isə müasir yaşıllaşdırma və gülçülük ənənələrindən istifadə olunmalıdır. Bu sahədə “Atılım Fuarçılık” və “ElanExpo” şirkətlərinin təşəbbüsündən yararlanmağa çalışacağıq.

“Atılım Fuarçılık” şirkətinin rəhbəri Salim Şahin isə Azərbaycanda bu sərginin hər il keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, “AfuExpo” sərgisində 12 müxtəlif ölkədən 150-dən çox şirkət iştirak edir. Azərbaycandan “By Art”, “Kafurpas”, “Gardenia”, “Abseron Botanik”, “Caspian Botanik”, “Green Life”, Türkiyədən “Hidromak”, “Güneri Makine”, “Erdemli Makine”, “Polight”, “As Beton”, “Peyart”, İtaliyadan “Arcangeli”, “Piante Faro”, “Innocenti& Mangoni”, Belçikadan “Arbor, “VandePutte”, Almaniyadan “Pflanzenhandel Lappen”, “Bruns”, “Lorberg”, Hollandiyadan “Fides & Greneth”, İspaniyadan “Ornamental Valencia”, Kolumbiyadan “Matina Flowers” kimi məşhur şirkətlər iştirakçılar arasındadırlar.

Ziyarətçilər “AfuExpo” sərgisini martın 14-dək saat 10-dan 18-dək seyr edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.