MƏDƏNİYYƏT
Bakıda “Frankofoniya həftələri” yekunlaşıb
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də “Landmark” biznes mərkəzində “Frankofoniya həftələri”nin bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez və digər dövlətlərin ölkəmizdəki diplomatları çıxış edərək “Frankofoniya həftələri”nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını öz ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıblar.
Bildirilib ki, aprelin 15-dək davam edən “Frankofoniya həftələri” ondan çox Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Belə ki, nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi təqdim edib. “Frankofoniya həftələri” çərçivəsində rəsm sərgiləri və konsertlər təşkil olunub, uşaqlar üçün müxtəlif məşğuliyyətlər reallaşdırılıb və mühazirələr deyilib. Həmçinin bir neçə ekran əsəri nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Fransanın “Nathalie National” orkestrinin çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı və s. kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.