İQTİSADİYYAT
Bakıda III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi açılıb
Bakı, 28 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 28-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“RecExpo III”) açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti və əmlak şirkətlərinin rəhbərləri iştirak ediblər.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Andorra və Gürcüstandan 70-ə yaxın daşınmaz əmlak şirkəti, investisiya qurumları və digər təşkilatlar təmsil olunur. Bu beynəlxalq tədbirdə 150-dən çox tikinti və inşaat layihələri təqdim edilir.
ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı, daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında fəallığın artmasına imkan yaradır.
O qeyd edib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi “RecExpo III” sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.
Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eyni zamanda, daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Yerli şirkətlər və dövlət qurumları tərəfindən də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tikinti layihələri ziyarətçilərə təqdim olunub. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu və Hövsan qəsəbəsində inşa edilən sosial evlərin nümayişi də geniş alıcı kütləsinin marağına səbəb olub. Eyni zamanda, Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələr (Nəsimi rayonu – 12, Nərimanov rayonu – 11 layihə, Nizami rayonu – 8 layihə, Suraxanı rayonu – 3) barədə ictimaiyyətə təqdimatlar edilib. Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirim kampaniyaları nəzərdə tutulub. Eyni zamanda, ziyarətçilər Bakıda, o cümlədən Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələrindən əlverişli qiymətlərlə mənzil, ev və digər daşınmaz əmlak obyektlərini əldə etmək imkanlarından yararlana bilərlər.
Sərgidə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən pavilyon da yaradılıb. Burada komitənin fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunur. Pavilyonda komitənin daşınmaz əmlak idarəçiliyi sahəsində tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirilmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr yer alıb. Həmçinin burada torpaqların elektron kadastr uçotu informasiya sistemin məlumatları əsasında hazırlanmış ölkənin 3D formatlı relyef xəritəsinin maketi quraşdırılıb. Qeyd edək ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir.
Quraşdırılmış elektron monitorlar vasitəsilə komitənin 36 elektron xidməti nümayişi edilib. Belə monitorlarda elektron xidmətlərdən istifadə etməklə bağlı prosedurlar əksini tapıb.
ƏMDK-nın pavilyonda qurulmuş “Özəlləşdirmə guşəsi”ndə Azərbaycanda həyata keçirilən özəlləşdirilmə prosesi barədə ətraflı məlumatlar təqdim edilir. Ölkədə aparılan torpaqların elektron kadastr uçotu haqqında məlumatlar da sərgidə nümayiş edilib.
Sərgi görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə, ekspert və təmsilçilərə əlverişli imkanlar yaradır. Beynəlxalq prestijli satış agentlərinin yer aldığı “RecExpo III” sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələri ilə son istehlakçılar və dövlət nümayəndələrini bir araya gətirən professional məkandır. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.
Ən cəlbedici cəhət isə burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgi beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir araya toplayıb. Belə layihələrin, eyni zamanda və bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək, dəyərləndirmək və sərfəli variantları seçmək imkanı verir.
Sərginin ikinci günü – noyabrın 29-da Bakı Ekspo Mərkəzində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçiriləcək. Noyabrın 30-dək davam edəcək sərgi saat 10:00-dan 18:00-dək ziyarətçilərə açıq olacaq. “RecExpo III” ziyarətçilərini özəl endirimlər və sürprizlər də gözləyir.