İQTİSADİYYAT
Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir
Bakı, 2 dekabr, AZƏRTAC
“Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 2-də Bakıda “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzusunda II Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə reallaşdırdığı “Azərbaycanda İKT infrastrukturunun və xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Tədbir BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti, qurumun İİF üzrə Cenevrə katibliyi, RYTN və Azərbaycan İnternet Forumunun birgə dəstəyi ilə keçirilir.
Forumun açılışında çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığı həyata keçirməkdir.
Məlumat verilib ki, BMT və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə “İnsan, iqtisadiyyat və sosial məsələlər üzrə davamlı inkişaf üçün internet idarəçiliyi” mövzusunda təşkil olunan VII İnternet İdarəçilik Forumundan sonra bu sahəyə maraq artıb. Azərbaycan regional İnternet İdarəçilik Forumu keçirən ölkələr ailəsinə 2013-cü ildə qoşulub.
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin baş mütəxəssisi Vyaçeslav Çerkasov qeyd edib ki, hazırda bir sıra ölkələr internet idarəçiliyini təkmilləşdirmək üçün regional və milli forumlar təşkil edirlər. Bu forumlar internet idarəçiliyi ilə bağlı məsələləri yerli səviyyədə dərindən və daha effektiv araşdırmağa, əldə edilmiş nəticə və təklifləri qlobal İİF forumunda səsləndirməyə imkan verir.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Natalia Alhazişvili, Domen adlar və İP-adreslərin idarəedilməsi üzrə Korporasiyanın (İCANN) tərəfdaşlarla əlaqələr üzrə baş direktoru Patrik Cons Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki təşəbbüslərinin önəmindən danışıblar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internetin formalaşması, inkişaf mərhələləri, müasir vəziyyəti barədə məlumat verib.
Dekabrın 3-dək davam edəcək forumda “Rəqəmli erada hökumətin transformasiyası: Açıq hökumət məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri”, “Avrasiya və Azərbaycan regionunda elektron-təhsil imkanlarının yaradılması”, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və bu kimi digər mövzular müzakirə olunacaq.