İDMAN
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda konfrans təşkil olunub VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafı haqqında məlumat verib. O, mötəbər beynəlxalq idman yarışlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir Azərbaycanda mötəbər idman yarışlarının uğurla təşkil edildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayaraq deyib: “Azərbaycanda idman sahəsində dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb. Bu idman qurğularının yarışlardan sonra da qorunub saxlanılması və insanların buraya cəlb edilməsi çox önəmlidir. Bəzi ölkələrdə olimpiadalardan sonra idman qurğularının istifadə edilmədiyi və yararsız vəziyyətə düşdüyü görünür. Ancaq Azərbaycanda idman kompleksləri yüksək səviyyədə saxlanılır və insanlar bu qurğulardan istifadə edirlər. Ölkəmizdə güclü könüllülük hərəkatı var. On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir. Biz yerli insanların və şirkətlərin də beynəlxalq idman yarışları zamanı müxtəlif layihələrə qoşulmasını təmin edirik”.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar öz bəhrəsini verir. Turizm milli iqtisadiyyatın 11 prioritet sahəsindən biridir. Turizm sahəsində ilbəil uğurlu nəticələrə nail oluruq. Bu uğura Azərbaycanda irimiqyaslı yarışların təşkili də mühüm töhfə verir.
Amerika Ticarət Palatasının Azərbaycandakı prezidenti İlqar Vəliyev və “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydaları, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxan problemlərin həlli və biznesin buna hazırlıq vəziyyətindən söz açıblar.
Sonra tədbir sual-cavab sessiyası ilə davam edib.
MDB məkanında və regionda bu mövzuda ilk dəfə olaraq Azərbaycanda keçirilən konfransda dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Əbu-Dabi, Soçi, Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri və jurnalistlər iştirak ediblər.
Konfransın ikinci hissəsində BŞH-nin icraçı direktoru Arif Rəhimov, Formula-1 Rusiya Qran-prisinin promouteri Sergey Vorobyev, Formula-1 üzrə beynəlxalq məsləhətçi Riçard Kreqan, Bəhreyn Beynəlxalq Halqasının əməliyyatlar üzrə direktoru Fayez Rəmzi Fayez və başqaları mühüm idman yarışlarının faydalarına dair məruzələrlə çıxış ediblər.
Sonda iştirakçıların suallarını cavablandırılıb.