İQTİSADİYYAT
Bakıda V Regional İnternet İdarəçilik Forumu keçirilib YENİLƏNİB
Bakı, 7 dekabr, AZƏRTAC
“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 7-də Bakıda BMT-nin İnkişaf Proqramı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində “İnnovasiya və tərəqqinin açarı internet” mövzusunda V Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin və “ADA” Universitetinin birgə dəstəyi ilə baş tutub. Forumun açılışında “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekan müavini Araz Yusubov RİİF-in Azərbaycanın İKT sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. O bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafın təminində əsas rol oynayır.
O qeyd edib ki, Azərbaycan hazırda regional qovşağa çevrilir. Müxtəlif ölkələr bu gün məhz internetlə bağlı müzakirələr aparırlar: “Regional İnternet İdarəçilik Forumu artıq ikinci dəfədir ki, “ADA” Universitetində keçirilir. Universitet artıq bu sahədə yeni standartlar tətbiq edib. Müxtəlif ölkələrdən olan mütəxəssis və ekspertlər universitetdə məruzələr ediblər. Bacarıqlı mütəxəssislərin yetişdirilməsi bizim əsas məqsədimizdir”.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə forumun keçirilməsində məqsədin daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirmək olduğunu qeyd edib. Nazir müavini, həmçinin bildirib ki, forum regional İKT-nin inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədəki problemlərin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, qonşu region ölkələrində də nümayəndələr cəlb olunublar.
O qeyd edib ki, Azərbaycan V Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi etməklə bölgədəki ölkələrlə internet idarəçiliyi məsələləri üzrə müzakirələri təşkil edir. İnternet idarəçilik məsələləri uzun illərdir ki, diqqət mərkəzindədir. İnternetin idarə olunmasında qarşıya çıxan yeni çağırışlar, mövcud olan proseduralar və digər bu kimi məsələlərin müzakirəsi beynəlxalq aləmi düşündürür. Forum İKT sahəsinin mütəxəssislərini, eyni zamanda, ictimai və beynəlxalq təşkilatları bir araya toplayaraq birgə təkliflərin işlənilməsinə xidmət edir.
“Hesab edirəm ki, belə forumun Azərbaycanda keçirilməsi həm ölkədə, həm də ümumilikdə regionda internetin inkişaf etdirilməsinə bir töhfədir. Builki forum internetdən istifadə etməklə innovativliyi yüksəltmək və rifahı artırmağa həsr edilib. Doğurdan da internet bütün bu məqsədlərə, xüsusən də inkişafa xidmət edən bir vasitədir. İnternetdən istifadənin daha səmərəli təşkili, eləcə də istifadəçilərin bu imkanlardan düzgün şəkildə faydalanması üçün biliklərinin artırılması vacib məsələlərdəndir”, - deyə nazir müavini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti bildirib ki, forumun keçirilməsində əsas məqsəd daha səmərəli regional innovativ inkişaf üçün internetin rolu, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və bu sahədə çatışmazlıqlar barədə müzakirələr aparmaqdır.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə isə universitet ilə BMT müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyib. O bildirib ki, İKT sahəsi universitet üçün prioritetdir və bu forum universitetin İKT fakültəsinin tələbələri üçün əhəmiyyətlidir. Həmin fakültənin ilk məzunları gələn il olacaq: “Azərbaycanda IT sahəsində insan kapitalının inkişaf etdirilməsi, gənc mütəxəssislərin, mühəndislərin hazırlığı prosesi sürətlə inkişaf edir. İnsan kapitalı olmadan IT sahəsinin inkişafı qeyri-mümkündür. Ona görə də, “ADA” Universiteti bu prosesə öz töhfəsini verir. Universitetdə müxtəlif laboratoriyalar, BP şirkətinin dəstəyi ilə “Big Data” mərkəzi, eləcə də startaplara dəstək mərkəzi yaradılıb”.
Tədbirdə “İKT startapları dövründə hökumətin və beynəlxalq təşkilatların rolu: cərəyanlar və problemlər”, “İnnovativ, rəqabətə davamlı və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsində internetin rolu”, “E-iştirak və Açıq Hökumətdə Azərbaycanın potensialı: təşəbbüslər və risklər”, “İKT sahəsinin inkişafı üçün paydaşları cəlb etmək məqsədilə nə edilə bilər?” kimi mövzular müzakirə olunub.
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların nümayəndələri, elm və vətəndaş cəmiyyətinin mütəxəssisləri iştirak edirlər. Forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin, ICANN-nın nümayəndələri çıxış ediblər.
Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir.