CƏMİYYƏT


Bakıda bir neçə şirkətə 30 min manatdan çox maddi ziyan vuran iki nəfər saxlanılıb VİDEO

Bakı, 28 avqust, AZƏRTAC

Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların nümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.

Araşdırma zamanı müəyyənləşdirilib ki, qeyd edilən malların onlayn satışını həyata keçirən şirkətlərə bu şəxslər tərəfindən müxtəlif vaxtlarda sifarişlər verilib. Şirkətin nümayəndələri malları Rüstəm Tinayev və Turqut Quliyevin Nizami rayonunda qeyd etdikləri ünvanlara çatdırdıqdan sonra onlar müxtəlif vasitələrlə sifariş verdikləri məhsulları götürərək ödəniş etmədən hadisə yerindən yayınıblar. Bu üsulla həmin şəxslər son bir neçə ay ərzində 20-yə yaxın şirkətə onlayn sifariş verərək onların məhsullarını ya dələduzluq, ya da soyğunçuluq yolu ilə ələ keçiriblər. Rüstəm Tinayev və Turqut Quliyevin ümumilikdə zərərçəkənlərə 30 min manata yaxın maddi ziyan vurduğu müəyyənləşdirilib.

Qeyd edək ki, bu şəxslər ələ keçirdikləri malları daha sonra dəyər-dəyməzinə müxtəlif məkanlarda satıblar. Maraqlı burasındadır ki, Rüstəm Tinayev və Turqut Quliyev onlayn yolla sifariş verdikləri bütün avadanlıqların paytaxtın Nizami rayonunun ərazisinə gətirilməsini istəyiblər. Onlar zərərçəkənlərin demək olar ki, əksəriyyətini bu rayonun ərazisində aldadıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisələrin hər birini etiraf ediblər.

Rüstəm Tinayev və Turqut Quliyev barəsində 24-cü polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rüstəm Tinayev və Turqut Quliyev əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.