MƏDƏNİYYƏT
Bakıda görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin anadan olmasının 110 illiyi qeyd edilib
Bakı, 16 dekabr, Aynur İsmayılova, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində olan 33 nömrəli uşaq musiqi məktəbində görkəmli rus bəstəkarı, pianoçusu, pedaqoqu və ictimai xadimi Dmitri Şostakoviçin anadan olmasının 110 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə D.Şostakoviçin yaradıcılığından geniş söz açılıb. Bildirilib ki, bəstəkarın əsərləri mövzu və janr rəngarəngliyi ilə fərqlənir. O, simfoniyalarla yanaşı, 15 kvartetin müəllifidir. Ümumbəşəri, ictimai-etik, dərin fəlsəfi yönümlü əsərlərlə yanaşı D.Şostakoviç A.Blokun, M.Svetayevanın şeirlərinə incə, lirik vokal silsilələr də bəstələyib. D.Şostakoviç xor və vokal musiqi əsərləri üzərində də işləyib. “Maksimin gəncliyi”, “Maksimin qayıtması”, “Tüfəngli adam” və digər kinofilmlərin musiqisi D.Şostakoviçə məxsusdur.
Sonra şagirdlərin ifasında bəstəkarın fortepiano və skripka alətləri üçün yazılmış əsərləri səslənib.