CƏMİYYƏT
Bakıda iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıb.
Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərin, həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.