REGİONLAR
Balakəndə yaş barama tədarükünə başlanılıb
Balakən, 29 may, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər tərəfindən rayondakı keçmiş barama toxumu zavodunun qəbul məntəqəsinə 236,8 kiloqram yaş barama təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 15 tona yaxın artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 353 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu, yəni 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb.
İlkin olaraq məntəqəyə rayonun İtitala kənd sakini Fərhad Musayev yaş barama təhvil verib. Kümçü bu il 2 qutu, yəni 38 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 96,1 kiloqram yaş barama istehsal edib. Mövsümün ilk günündə Meşəşambul kəndindən Samir Qurdayev məntəqəyə 109,1 kiloqram, Gərəkli kəndindən Eyvaz Baydarov isə 31,6 kiloqram yaş barama təhvil veriblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.