İQTİSADİYYAT
Bank hesabı necə açılır?
Bakı, 17 fevral, AZƏRTAC
Sahibkarlıq fəaliyyətinə başlamağın ilkin şərtlərindən biri də bank hesabının açılmasıdır.
AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı maraq doğuran məqamlara aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov Vergi Məcəlləsinin 35-ci maddəsinin bankların vergiödəyicilərinin uçotu ilə bağlı vəzifələrə həsr olunduğunu bildirib: “Məcəllənin 35.1-ci maddəsində göstərilir ki, dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi Məcəlləsinin 35.1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, vergi orqanı bu ərizə əsasında vergiödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergiödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir”.
Belə ki, vergiödəyicisi bank hesabının açılması ilə bağlı şəhadətnamə-dublikat almaq üçün 2021-ci ilin fevralın 23-də müraciət edərsə, vergi orqanı şəhadətnamə-dublikatı ona 2021-ci il fevralın 25-dən gec olmayaraq təqdim etməlidir.
İqtisadçı vurğulayıb ki, vergiödəyicisi bank hesabı açmaq üçün şəhadətnamə-dublikata müraciət etdikdə vergiödəyicisinə vergi orqanı tərəfindən “Bank idarəsində hesab açılması barədə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə” bildiriş forması təqdim edilir. Həmin bildirişdə vergiödəyicisinin banka hansı tarixdən müraciət etməsi haqqında qeyd olur.