CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyadalarla əlaqədar profilaktiki tədbir keçiriblər
Bakı, 12 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçiriblər.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, paytaxtın Nobel prospekti və A.M.Şərifzadə küçəsində keçirilən tədbir zamanı yaxınlıqda yerüstü və yeraltı piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, həmin piyadalara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq bu kimi inzibati xətalara yol verən piyadaların diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, o cümlədən hərəkət sürətinin həddi 80 kilometr/saat və daha artıq müəyyənləşdirilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə belə tədbirlər davam etdiriləcək. Yol Polisi İdarəsi ümid edir ki, piyadalar bu məsələyə anlayışlı şəkildə yanaşsa, müsbət nəticələrə nail olunacaq.