CƏMİYYƏT
Baş həkim: Vaksinasiya prosesinə qoşulanların sayı getdikcə artır
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 17-dən Azərbaycanda 50 yaşdan yuxarı vətəndaşların yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyası başlayıb. Üç gün ərzində poliklinikamızda 290 nəfər vaksinasiyadan keçib, bu gün peyvənd olunanların sayı isə 130 civarındadır. Ümumiyyətlə, poliklinikamızda 500-ə yaxın vətəndaşa vaksinin birinci dozası vurulub. Onların 90-dan çoxu 50-65 yaşarası, 400-dən çoxu isə 65 yaşdan yuxarı vətəndaşlardır. Vaksinasiyaya qoşulanların sayı getdikcə artır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Səbail rayonu, 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.
Baş həkim, həmçinin bildirib: “Poliklinikada çalışan 152 tibb işçisinin 70 faizi yanvarın 18-də başlayan vaksinasiya prosesinə cəlb olunub. Son altı ayda xəstələnənlər, hamilə olanlar, südvermə dövründə olanlar, yeni əməliyyat olunanlar, onkoloji xəstələrə vurulmayıb. Bununla yanaşı, Səbail rayonundakı digər səhiyyə qurumlarının da işçilərindən də poliklinikamızda peyvənd vurduranlar var. Ümumilikdə, poliklinikamızda 160 səhiyyə işçisinə vaksin vurulub. Onların 28-i artıq revaksinasiya olub, yəni ikinci dozanı qəbul ediblər. Mən də ikinci dozanı vurdurmuşam.
Ölkəmizdə vaksinasiya prosesi ilk dəfədir keçirilmir. Lakin bu dəfə sosial şəbəkələrdə peyvəndləmə haqqında yalan məlumatlar yayaraq panika yaratdılar. Hər il payız aylarında qripə qarşı peyvəndləmə aparılsa da belə ajiotaj yox idi. Payızda qripə qarşı vaksinasiya başlananda da birinci qoşulanlardan idim. Düşündüm ki, pandemiya vaxtı qriplə xəstələnsəm immunitetim azalacaq. Yaşım 65-dən çox olduğu üçün risk qrupundayam. Koronavirusa yoluxsam, onu ağır keçirmə ehtimalım çox idi. Bu səbəbdən COVID-19 əleyhinə vaksinasiyaya da qoşuldum və hər iki dozanı vurdurdum. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, sosial şəbəkələrdə yayılan dezinformasiyalara inanmasın və prosesdə aktiv iştirak etsinlər”.
Poliklinikaya vaksin vurdurmaq üçün müraciət edən 64 yaşlı paytaxt sakini Ramiz Məmmədov bildirib ki, peyvənd vurdurub və hazırda özünü yaxşı hiss edir. Ailə üzvlərindən, yaxınlarından da vaksin vurduranların olduğunu deyən paytaxt sakini vətəndaşları aktiv şəkildə peyvənd olunmağa səsləyib: “Koronavirusa yoluxan və xəstəliyi ağır keçirən və hətta vəfat edən qohumlarım, qonşularım var. Mən və ailə üzvlərim bütün qorunma tədbirlərinə əməl etdiyimiz üçün bu bəlaya düçar olmadıq. COVID-19-dan qurtulmağın yeganə yolunun vaksinasiya olduğunu bilirik. Dövlətimiz həmişəki kimi vətəndaşların qayğısına qalaraq tez bir zamanda vaksini ölkəyə gətirdi. Heç kəs bu bəladan sığortalanmayıb. Ona görə də hər kəsi qorxmadan vaksin vurdurmağa səsləyirəm. Bu gün birinci dozanı vurdurdum. İkinci dozanı isə martın 19-da vurduracağam. Lakin peyvənd olunandan sonra da arxayınlaşmaq olmaz. Pandemiya bitənədək maska taxmaq, məsafə gözləmək, əl gigiyenasına əməl etmək lazımdır. Küçədə kiminsə maskanı düzgün taxmadığını görəndə dərhal irad bildirirəm. Haqlı olduğumu bilib təşəkkür edənlər də var. Hazırda yoluxma saylarının azlığı da bizi arxayınlaşdırmamalıdır. Həm vaksinasiya, həm də məsuliyyətimizlə bu bəlaya qalib gələ bilərik. Əks halda yenidən yoluxma sayı arta və bizi sərt karantin rejimi gözləyə bilər”.