İQTİSADİYYAT
Bayram günlərində “Azərpoçt” 78 minə yaxın məktub çatdırıb

Bakı, 7 yanvar, Zaur Mirzəyev, AZƏRTAC
“Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərində də növbəli iş rejimində vətəndaşlara xidmət göstərib.
MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, 2021-ci il dekabrın 31-i - 2022-ci il yanvarın 4-də ölkə üzrə əvvəlcədən müəyyən edilən poçt şöbələri fəaliyyət göstərib, vətəndaşların və əcnəbilərin rahatlığı təmin edilib.
Bu günlər ərzində daxil olan poçtların 46 min 263 ədədini məktub, 708 ədədini beynəlxalq bağlama, 13 min 635 ədədini kiçik paket, 1690 ədədini isə daxili bağlama təşkil edib. Eyni dövrdə “Azərpoçt”dan çıxan poçtların 74 min 783 ədədi məktub, 438 ədədi beynəlxalq bağlama, 13 min 72 ədədi kiçik paket, 1690 ədədi isə daxili bağlamadan ibarət olub.
Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri və “Şəbəkə” xidmət mərkəzləri xüsusi karantin rejimi dövründə və digər bayram günlərində də vətəndaşların məmnuniyyətini təmin etmək üçün ənənəvi poçt xidmətləri ilə yanaşı maliyyə xidmətləri (təcili pulköçürmələri, kommunal ödəniş qəbulu və sair) də göstərib.