MƏDƏNİYYƏT
Bədii tikmə ustalarına sertifikatlar təqdim olunub
Bakı, 21 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində “Kaytaq” tikməsi üzrə sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə muzeyin direktoru Şirin Məlikova çıxış edərək ustad dərslərinin əhəmiyyətindən söz açıb.
Bildirib ki, Azərbaycan və rus dillərində təşkil olunan kurslarda bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak ediblər.
Vurğulayıb ki, Xalça Muzeyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində həyata keçirilən ustad dərslərinin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir.
Bildirilib ki, sərgidə ustad dərslərinin nəticəsi olan müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də nümayiş olunur.
Tədbirdə tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova “Azərbaycanın mədəni sərvəti” layihəsinin xüsusi proqram əsasında həyata keçirildiyini söyləyib. Proqramın məqsədinin bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılması olduğunu diqqətə çatdırıb.
Sonda ustad dərslərində iştirak edən bədii tikmə ustalarına sertifikatlar təqdim olunub.