REGİONLAR
Bərdə Regional Mədəniyyət İdarəsi Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə silsilə tədbirlər keçirir
Bərdə, 14 oktyabr, AZƏRTAC
Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və Şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə regional idarənin Tərtər rayon üzrə baş məsləhətçisi Ceyhun İsmayılzadə çıxış edərək, Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən söz açıb. O, Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət kimi, eyni zamanda, erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması istiqamətindəki xidmətlərini xüsusi vurğulayıb.
Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Bərdə rayon Mərkəzi Kitabxanada “Türk-İslam dünyasının görkəmli şəxsiyyəti” adlı kitab sərgisi də təşkil edilib. Kitabxanaya gələn oxucular Ə.Ağaoğlunun həyat və fəaliyyətinə həsr edilmiş məlumat bülleteni ilə tanış olublar. Bildirilib ki, Əhməd bəy Ağaoğlu daim milli mübarizə hərəkatının önündə olub. Ömrü boyu xalqımız üçün yazıb-yaradan Əhməd bəyin bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tutub.
Yevlax şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbirdə isə Əhməd bəy Ağaoğlunun Cümhuriyyət və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyini və müstəqilliyi müdafiə etməsindən, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən bəhs edilib. Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Vüsalə Məmmədova çıxışında bildirib ki, Əhməd bəy Ağaoğlu ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib.
Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abdulla Şaiq adına kitabxana filialında keçirilən tədbirdə də Əhməd bəy Ağaoğlunun apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən danışılıb.