İQTİSADİYYAT
“Bərpaolunan enerji mənbələri” mövzusunda seminar keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Biznes Mərkəzində “Bərpaolunan enerji mənbələri” mövzusunda seminar keçirilib. Tədbir Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində baş tutub.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) AZƏRTAC-a bildirilib ki, seminarda AERA-nın idarə heyətinin sədri Samir Axundov “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Sərəncamının əhəmiyyətindən bəhs edərək sərəncamdan irəli gələn tapşırıqların icrasına dair məlumat verib.
Daha sonra “DNV GL” şirkətinin məsləhətçisi İlka Levinqton müvafiq sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması prosesindən məmnunluğunu ifadə edib. İ.Levinqton və S.Axundov “Azərbaycanda bərpaolunan enerjiyə dair hüquqi çərçivə – xülasə” adlı mövzuda çıxış ediblər.
İ.Levinqton “Bərpaolunan enerji sahəsində tənzimləyicinin roluna giriş” adlı təqdimat keçirib. O, bərpaolunan enerji mənbələrini təmin edən hüquqi çərçivənin mahiyyəti, həmçinin tənzimləyicinin vəzifələri barədə seminar iştirakçılarına məlumat verib. Bildirib ki, tənzimləyicinin vəzifələri dəstək sisteminin/səviyyəsinin müəyyən edilməsi və ya təmin olunması, dəstək sisteminin maliyyələşdirilməsi, sistemə və bazara inteqrasiya üçün şəraitin təmin edilməsi, habelə kiçikmiqyaslı bərpaolunan enerji təchizatı üçün şəraitin təmin edilməsindən ibarətdir.
Daha sonra “DNV GL” şirkətinin məsləhətçisi Kristian Heviker sistemə inteqrasiya üçün şəraitin yaradılması, irimiqyaslı obyektlər haqqında təqdimatla çıxış edib.
Seminar zamanı bərpaolunan enerji mənbələrinə aid problemlərin müəyyən edilməsi tapşırığı üzrə interaktiv və qrup şəklində müzakirələr olub. İştirakçılar kiçikmiqyaslı bərpaolunan enerji obyektləri və bazara inteqrasiya üçün şəraitin yaradılması haqqında təqdimatları dinləyiblər.
“DNV GL” şirkətinin məsləhətçilər Tim Menner və İ.Levinqton dəstək sistemləri və tənzimləyicinin rolu – ümumi və beynəlxalq nümunələr barədə danışıblar. “Azərbaycanda bərpaolunan enerjiyə dair hərracların keçirilməsinə dəstək” layihəsi üzrə məsləhətçi şirkətin nümayəndəsi çıxış edib.