REGİONLAR
Beyləqanda görülən meliorativ tədbirlər torpaqları münbitləşdirir VİDEO
Beyləqan, 17 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanda meliorativ işlər davam etdirilir. Kollektor drenlər lildən təmizlənir, hidrotexniki qurğular təmir olunur. Hazırda rayon ərazisində su keçidi yenisi ilə əvəz edilir ki, bu da 100 hektardan çox ərazidə şoranlaşmanın qarşısını alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunda əkin sahələrinin münbitliyi və torpaq qatının şoranlaşmadan qorunması üçün Beyləqan Meliorasiya İdarəsi tərəfindən plana uyğun olaraq işlər görülür.
Beyləqan Meliorasiya İdarəsinin baş mühəndisi Ələmşah Əliyevin sözlərinə görə, idarə Beyləqan və Füzuli rayonlarında 46802 hektar əkin sahəsinə 1656 kilometr kollektor dren şəbəkəsi və onlar üzərində mövcud olan 1500 ədəd hidrotexniki qurğu vasitəsilə xidmət göstərir. Bu il meliorativ tədbirlərin yaxşılaşdırılması məqsədilə 15 ədəd hidrotexniki qurğu cari təmir olunub və 110 kilometr uzunluqda kollektor dren sistemi lildən təmizlənib. Belə ki, Birinci Şahsevən, İkinci Şahsevən, Çəmənli ,Türklər kəndində dren şəbəkəsində lildən təmizləmə işləri görülüb və hidrotexniki qurğu təmir olunub.
Hazırda isə Birinci Aşıqlı, İkinci Aşıqlı, Əlinəzərli kəndləri və Sarısu ərazisində kollektor şəbəkələrində ekskavatorlar çalışır. Cari ilin planına uyğun olaraq, 2 ədəd hidrotexniki qurğunun əsaslı təmiri nəzərdə tutulub. Onlardan biri Füzuli rayonunun Böyük Bəhmənli də sukeçirici qurğu, digəri isə Beyləqan rayonu ərazisində yerləşən K-1-1 kollektoru üzərindəki dukerdir.
Çəmənli kəndi ərazisindən keçən D-1 kanalında görülən təmir işləri 100 hektardan çox sahədə əkin torpaqlarının şoranlaşmasının qarşısını alacaq.
Kənd sakini Aydın Həsənov söyləyir ki, dren üzərində yerləşən suötürücü borular istismar müddətini başa vurduğu üçün yararsız halda idi. Nəticədə isə kənd ərazisində torpaqlar şoranlaşmaya məruz qala bilərdi. Həmçinin bu keçid körpü rolunu oynadığı üçün əkin sahələrinə də gediş-gəliş rahatlaşacaq.
Fermer Qələndər Alışov da görülən işlərin torpaqların münbitləşməsinə səbəb olacağını deyir. Bildirib ki, yeni quraşdırılan su boruları iridiametrli olduğu üçün şor suların axını sürətlənəcək. Nəticədə isə torpaqlar şoranlaşmadan xilas olacaq, əkin sahələrinin məhsuldarlığı daha da artacaq.