REGİONLAR
Beyləqanda şəhid İlyas Nəsirovun xatirəsi anılıb VİDEO
Beyləqan, 4 iyul, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Nəsirov İlyas Arzuman oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının, şəhidin ailə üzvlərinin və döyüş yoldaşlarının, qazilərin, rayon mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid İlyas Nəsirovun keçdiyi döyüş yolundan söhbət açıb. Bildirilib ki, İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək düşmənin 30 ildə yaratdığı müdafiə xəttinin yarılmasında və yaşayış məntəqələrimizin işğaldan azad olunmasında iştirak edib. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş İlyas Nəsirov Prezident İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonda şəhidin keçdiyi döyüş yolu ilə bağlı film nümayış etdirilib.