CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi beynəlxalq miqrasiya hüququna dair seminar keçirir
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 30-dək mayın 1-dək Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Bakıda Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq miqrasiya hüququna dair iki günlük seminar keçirəcək.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, seminarda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov və BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyev çıxış edəcəklər. Seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on xarici ekspert iştirak edəcək.
Seminar BMqT-nin 2016-cı ildən etibarən Azərbaycan hökuməti ilə əməkdaşlığı şəraitində reallaşdırılan və ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - VI faza” layihəsi çərçivəsində təşkil olunacaq.
Layihənin məqsədi insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan hökumətini dəstəkləmək və bu sahədə icra olunan milli səylərə töhfə verməkdən ibarətdir.