CƏMİYYƏT
Beynəlxalq Türk Akademiyasının rəhbəri: Novruz bayramı türk dünyasını birləşdirir VİDEO
Nur-Sultan, 21 mart, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası (BTA) bu il Novruz bayramını rəngarəng tədbirlərlə qeyd edib.
AZƏRTAC xəbər verir ki, Akademiyanın təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı, Türkmənistan, Özbəkistan, Macarıstan, Monqolustan və Tacikistandan diplomatik korpusun rəhbərləri, elm xadimləri, deputatlar və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə qonaqlar türk dünyasının qədim Novruzla bağlı adət və ənənələrin təqdim olunduğu sərgini gəziblər.
Novruz tədbirini bu dəfə Akademiyanın yeni binasında qeyd etdiklərini bildirən Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırali bu bayramın türk dünyasını birləşdirdiyini qeyd edib. Tacikistanın da bu il ilk dəfə bayram tədbirinə qatıldığını deyən D.Kıdırali Akademiyaya marağın günü-gündən artdığını, Özbəkistanın BTA-ya üzv olmaq üçün müraciət etdiyini bildirib.
Tədbir çərçivəsində Ahmet Baytursınovun anadan olmasının 150 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ahmet Baytursınov və Alaş” kitabının qazax, rus və ingilis dillərində yeni nəşrinin təqdimatı keçirilib. Yeni nəşrləri təqdim edən Beynəlxalq Türk Akademiyasının rəhbəri 2022-ci ili türk dünyası üçün “Ahmet Baytursınov ili” elan edib.
Sonra tədbir iştirakçıları Novruz bayramı şərəfinə hazırlanmış təamlardan dadıblar. Diplomatik nümayəndəliklər bayram süfrəsi üçün öz milli yeməklərini təqdim ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan