MƏDƏNİYYƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu muzeyin gələcək layihələrinə dəstək verəcək
Bakı, 2 iyun, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.
Fondan AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva mədəniyyət ocağı haqqında ətraflı məlumat verib. Bildirib ki, muzey Azərbaycan dövlətinin tam dəstəyi ilə əsaslı şəkildə təmir olunub. O, muzeyin ölkəmizin mədəniyyətinin, incəsənətinin, elminin inkişafı, eləcə də Azərbaycanın və Gürcüstanın ümumi və fərdi mədəni irs nümunələrinin qorunması istiqamətindəki fəaliyyəti, həmçinin burada təşkil edilən müxtəlif mədəni tədbirlər barədə danışıb.
L.Əliyeva deyib ki, muzeydə Mirzə Fətəli Axundzadəyə aid müxtəlif şəxsi əşyalar, əlyazmalarının surətləri, kitablar, şəkillər, habelə bu evdə olmuş görkəmli müasirlərinin xatirə əşyaları qorunub saxlanılır.
G.Əfəndiyeva qeyd edib ki, belə bir muzeyin fəaliyyət göstərməsi Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və ictimai xadimi M.F.Axundzadə irsinin, eyni zamanda, Azərbaycanın və bütövlükdə türk dünyasının mədəniyyətinin mühafizəsi baxımından vacib əhəmiyyət kəsb edir.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən muzeyin gələcək layihələrinə dəstək veriləcəyi bildirilib.