SİYASƏT
Beynəlxalq kinofestivalın mükafatına layiq görülmüş gənc soydaşımız yeni kinolentlər üzərində çalışır
Bakı, 13 iyun (AZƏRTAC). Simferopolda (Krım Muxtar Respublikası) yaşayan gənc rejissor Nabat Həsənova “Qızıl Çarli” Beynəlxalq uşaq və gənclər kinosu festivalının təmsilçisi kimi “Bumeranq” Ümumrusiya Uşaq və Gənclərin Ekran Yaradıcılığı Forumunun mədəni proqramında iştirak üçün dəvət almışdır. Forum sentyabrın 7-27-də Krasnodar diyarının Tuapse şəhərindəki “Orlyonok” Ümumrusiya Uşaq Mərkəzində keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətov məlumat vermişdir.
Nabat Həsənovanın rejissor debütü olan “Sadəcə bağışla” bədii filmi əxlaqi mövzuda çəkilmiş ən yaxşı film kimi Simferopolda keçirilən “Qızıl Çarli” Beynəlxalq uşaq və gənclər kinosu festivalının diplomuna layiq görülmüşdür. Nabatın bu filmdə həm də aktrisa kimi debütü olmuşdur.
Hazırda yeni filmlərin ssenariləri üzərində çalışan N.Həsənova Rusiyada keçiriləcək müsabiqə üçün üç film və bir sosial reklam çəkməyi planlaşdırır, habelə bu il nəşr etdirməyə hazırlaşdığı kitab üzərində çalışır.
Rəhim Hümbətov demişdir: “Nabat Həsənova yaradıcılıqla uşaqlıqdan məşğul olur. O, altı yaşından Krımın Azərbaycan icması nəzdində fəaliyyət göstərən və müxtəlif festival və müsabiqələrdə mütləq mükafatlı yerlərə layiq görülən “Cücələrim” ansamblında çıxış etmişdir”.
Simferopolda 15 nömrəli məktəbin şagirdi olan Nabat on birinci sinfə keçmişdir.
“Sadəcə bağışla” filminə Krımın Azərbaycan icmasının saytında http://kraztv.rutube.ru. ünvanında baxmaq olar.
######