REGİONLAR
Biləsuvardakı Heydər Əliyev Mərkəzinin könüllüləri “Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşulublar
Biləsuvar, 28 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihələr davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzinin könüllüləri "Böyüklərimizi qoruyaq!” sosial aksiyasına qoşularaq yaşlı insanlara və aztəminatlı ailələrə yardımlar ediblər. Karantin dövründə könüllülər yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə xidmətlərin daha operativ və səmərəli təşkilinə dəstək vermək məqsədilə şəhərdə və kəndlərdə köməyə ehtiyacı olan ahıl insanlara xidmət göstəriblər.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Mərkəzin könüllüləri bu istiqamətdə tədbirlərini davam etdirirlər. Könüllülər xüsusi karantin rejimi dövründə tənha yaşayan ahıllara, eləcə də aztəminatlı imtiyazlı ailələrə dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlər göstərir və onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırırlar.