CƏMİYYƏT
Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları oktyabrda qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxsi saxlayıblar. Soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev əməliyyat zamanı tutularaq polis bölməsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Verdiyevin hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan qadının dəyəri 1000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçdığı müəyyənləşib. Saxlanılan şəxs ifadəsində həmin hadisəni törətdiyini etiraf edərək taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını deyib.
Elman Verdiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - zəng mərkəzinə məlumat verə bilərlər.