REGİONLAR
Birinci Beynəlxalq Tibbi Forum çərçivəsində A bölməsi üzrə mühazirələr dinlənilib
Naxçıvan, 20 iyun, AZƏRTAC
Dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu Birinci Beynəlxalq Tibbi Forumda A bölməsi üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, A bölməsində Laparoskopik cərrahiyyə kursu, Laparoskopik kolorektal cərrahiyyə kursu, Ginekologiya, Bariatrik metabolik cərrahiyyə, Cərrahiyyə-III, Pankreas xəstəlikləri, Plastik estetik və rekonstruktiv cərrahiyyə, Endokrinologiya sahələri üzrə 70-ə yaxın çıxış dinlənilib.
Forumun ilk günündə “Laparoskopik cərrahiyyə kursu” adlı bölmədə moderatorlar professor Cavit Avcı, professor Ömər Alabaz, dosent Müşviq Həsənovun rəhbərliyi altında 10, Laparoskopik kolorektal cərrahiyyə kursu adlı bölmədə moderatorlar professorlar Levent Avtan, Metin Ertem, Yuri Starkovun rəhbərliyi ilə 9, “Ginekologiya” adı altında professorlar Erkut Attar, Cəmilə Qurbanova, İslam Mahalov və tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının moderator olduğu bölmədə 8, Bariatrik metabolik cərrahiyyə bölməsində professorlar Mustafa Taşkın, Levent Avtan, tibb üzrə fəlsəfə doktorları Taryel Ömərov, Elçin Abdinovun təşkilatçılığı ilə 11 mühazirə dinlənilib.
Forumun II günündə isə professorlar Qalib Qarayev, Fariz Camalov, Novruz Hacıyevin rəhbərliyi ilə tibb üzrə fəlsəfə doktoru Anar Namazovun moderatorluq etdiyi Cərrahiyyə-III adlı bölmədə 10, professorlar Dilek Oğuz və İrfan Korukun rəhbərliyi altında professorlar Vaqif Qələndər, Mismil Muradov və tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun moderator olduğu bölmədə 9, dosent Sərdar Əliyev, həkimlər Samir Şükürov, Mətanət Səfərova tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın rəhbərlik etdikləri bölmədə mövzular üzrə 9 çıxış dinlənilib.
Forumda digər 3 - B, C, D bölmələri üzrə də mühazirələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycanda miqyasına görə ilk tibbi forumdur.