MƏDƏNİYYƏT
“Birinci Ümumittifaq Türkoloji Qurultayı” kitabı qazax dilində oxucuların ixtiyarına verilib
Bakı, 7 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi on ilə yaxındır raritet kitabları yenidən nəşr edib oxuculara təqdim olunmasında mühüm rol oynayır. Tariximizin unudulmaz səhifələrinə işıq salmaq baxımından, cəmi bir nüsxə qalmış bu kitabların yenidən nəşr olunması çox xeyirxah bir iş kimi dəyərləndirilməlidir. “Bərpanəşr” layihəsi çərçivəsində yüzdən çox kitab işiq üzü görüb, hətta bu kitabların bir neçəsi ötən il Türkiyədə “Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildə “Bərpanəşr” layihəsi çərçivəsində 1926-cı il nəşri əsasında yenidən işıq üzü görən “Birinci Ümumittifaq Türkoloji Qurultayı” kitabı (“Nağıl Evi” nəşriyyatı, naşir və redaktor Ələddin Əsədov) bu günlərdə Qazaxıstanda nəşr edilərək təqdimatı keçirilib.
Təqdimatda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov, tanınmış şair Oljas Süleymenov, Azərbaycanın Almatıdakı baş konsulu Ramil Rzayev, Qazaxıstan Şərqşünaslıq İnstitutunun direktoru Absətt ar Derbisali və başqa tanınmış türkoloq və şərqşünaslar iştirak ediblər. 1926-cı ildə Bakıda çap olunan kitabdan gətirilən sitatlar, qurultayın Qazaxıstan nümayəndəsi Həlimcan Şərəfin ümumtürk əlifbası haqqında uzaqgörənliklə hələ ötən əsrin əvvəllərində dediyi sözlər təqdimat iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş əlamətdar hadisə kimi tariximizə düşən I Türkoloji Qurultay aradan yüz ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, bu gün də türk xalqlarının öz tarixi keçmişini öyrənmək baxımından olduqca maraqlı ədəbi-tarixi hadisədir.